Dubayda haralara ve necə getməli?

4 günlük Dubay səfərim artıq bugün başa çatır və qərara aldım ki,topladığım praktikayla qrupda bölüşüm ki, gələcəkdə Dubaya yolu düşənlər hər yerə taksiylə gedib əlavə xərc yaratmasınlar və istədikləri yerə rahatlıqla çatsınlar.

Hər şeydən öncə qeyd edim ki, exchange-lər banklardan ayrılıqda yerləşir və ölkədə hər yerdə məzənnə demək olar eynidir. Yəni, bizdəki kimi aeroportda ayrı, şəhərdə ayrı, bu yanda ayrı deyil.

Yeganə olaraq otellərdə dəyişsəniz fərqli qiymətə, yəni otelə sərf eliyən kimi dəyişəcəksiniz. Əgər əlinizdə hər ehtimala AED olmasını istəyirsənizsə, aeroportdakı exchange-də rahat dəyişə bilərsiniz. Çünki şəhərdə də eyni məzənnə olacaq.

Burj Khalifa, Dubai Mall ve musiqi fontan triadasi

Bura Dubayın ən məşhur yerlərindən biri və demək olar, hal-hazırda birincisidir. Bura gəlmək üçün metrodan istifadə etmək olar. Belə ki, eyni “Burj Khalifa” adlı metro stansiyası var. Yeri gəlmişkən qeyd edim ki, transport kartı (eyni bizdəki Bakıkart, yəni həm avtobus, həm metro, həm də tramvayda keçir) 20 AED-dir. Daha sonra karta pul yükləmək lazımdır ki, yükləmə və kart almanı metronun ortasında olan Information (üzərində “i” yazili) olan köşkdən edə bilərsiniz. Stansiyadan çıxdıqdan sonra keçid vasitəsilə düz Dubai Mall-un içinə gedirsiniz ve burdan da Burj Khalifaya çıxırsınız. Burj Khalifa-da çıxacağınız mərtəbəyə və saata görə qiymətlər dəyişir.

Bilet sırasına durmayasınız deyə məsləhətdir ki, Dubai Mall-un içində olan akvariumun yanında Burj Khalifa bilet satış məntəqəsindən əvvəlcədən bilet alasınız. Mən bileti 124-125-ci mərtəbələrə aldım və mənə bir nəfər üçün 145 AED başa gəldi. Bundan daha ucuz 125 AED də var idi, sadəcə bu biletlər hamsı satılmışdı. Mənim biletimin baha olmasına səbəb çıxışda Burj Khalifa kafesində çay, kofe, su, sok, şirniyyatların biletə daxil olması ile elaqedar idi. Biletin ən bahalısı gün batımı vaxtına uyğun gəlir, çünki deyilənə görə ən gözəl vaxtı da məhz ondadır.

Əgər Dubai Mall-a getmisinizsə, mütləq mall-un içindəki şəlaləyə baş çəkməlisiniz. Yəqin ki, şəkillərdə göydən sallanmış adamlar olan şəlaləni görmüsünüz. Bu şəlalə Burj Khalifaya bilet satış məntəqəsindən çox yaxın yerləşir. Bilet satış məntəqəsi özü də Dubai Mall-un içindəki akvariumun qarşısında yerleşir. İçində akula kimi nəhəng balıqlar da var. Sizə maraqlı gələ bilər.

Bundan başqa Burk Khalifa-nın qarşısında məşhur musiqili fontan var ki, onu da görmək lazımdır. Yaxşı olardı ki, fontana axşam gedəsiniz. Bu halda daha gözəl olur və elə maraqlısı da axşamdır.

Emirates Mall

Dünyanın ən bahalı mall-larından və səhv etmirəmsə, birincisidir. Dubai Mall-la müqayisədə çox-çox bahadır. Girişində həmişə luxury maşınlar olur. Lamborghini, Maseratti, Ferrari, Bugatti ve s. gördüklərimdəndir. Məhz buna görə də qiymətlər fantastikdir. Burda hamsı brenddir ve ucuz şey tapmaq mümkün deyil. Müqayisədə Dubai Mall daha ucuzdur. Ümumən isə Azərbaycandakı qiymətləri gördükdən sonra istər Dubai Mall, istərsə də Emirates Mall-dan paltar almağa əli gəlmir. Məncə, paltar üçün Dubay yaramır. Bəlkə yarayan yeri də var, amma mən görəmmədim. Bura sadəcə “hə, gəldim buranı da gördüm” demək üçün, məncə, gələ bilərsiniz.

Bundan başqa Emirates Mall-un içində süni xizək və snowboard kurortu var. Qiymətini bilmirəm, amma istəyən istifadə edə bilər.

Bu arada qeyd edim ki, Emirates Mall adlı metro stansiyası vardır ki, siz bura rahatlıqla metroyla da gələ bilərsiniz. Keçid vasitəsilə birbaşa mall-un içinə girə bilərsiniz.

Miracle Garden Dubai və Dubai Butterfly Garden

Məncə, Dubayın həqiqətən görməli yerlərindən biridir Miracle Garden. Çiçəklərlə bəzədilib hər yer və maraqlı fiqur və heykəllər var. Bir növ bizim Gül bayramını xatırladır. Giriş adambaşı 40 AED-dir. Nisbətən uzun yol getmək lazımdır ora. Mən çox axtarış etmişdim və oxuduqlarımın əksəri “taksiylə getmişik” deyə cavablamışdılar disputu. Mən sizə ucuz versiyasını deyim. Demək, düz Emirates Mall-un qarşısında 105 nömrəli avtobusla Miracle Garden-a gedə bilərsiniz.

Avtobus Emirates Mall-Miracle Garden marşrutu üzrə işləyir və arada dayanacaqlarda saxlamır, birbaşa hərəkət edir. Qayıdanda da eyni avtobusla geri qayıda bilərsiniz mindiyiniz yerə. Unutmayın ki, avtobus Bazar – Cümə axşamı (Bazar – 4cü günlər) 14:00-20:00 aralığında, Cümə və Şənbə günləri isə 12:00-22:00 aralığında işləyir. Avtobusdan istifadə haqqı 3 AED-dir. Park isə həftə içi 09:00-21:00,  Cümə və Şənbə (5-6cı günlər) isə 09:00-23:00-can işləyir.

Miracle Garden ilə yanbayan maraqlı başqa bir park Dubai Butterfly Garden var. İçində çoxlu kəpənəklər var. Bura saat 6-da bağlanır deyə, bura girə bilmədik. Amma internetdən araşdırdığıma görə çox maraqlı olmalıydı. Miracle Garden-a getmək fikrindəsinizsə, məncə, ora da baş çəkin.

Səhra safari turu (Desert safari tour Dubai)

Dubaya gəlib bu tura qatılmamaq, məncə, ağılsızlıq olar. Bu tur, məncə, baha başa gəldi çünki araşdırmağa və ucuzunu almağa vaxt olmadı başım qarışdığından və ani getmək qərarı verdiyimə görə. Adam başı 55$-a başa gəldi. Tura daxildir: sizin oteldən Toyota Land Cruiser 200, Toyota Sequoia və yaxud hər hansı yolsuzluq avtomobili ilə oteldən götürülməniz və səhraya çatdırılmanız və səhra təpəciklərində maşınla əylənməniz, daha sonra səhrada kampa gəlib burada 2 dəfə yemək, şirniyyat, su, sok, çay, kofe və müxtəlif show-lara (alov, rəqs) baxmanız daxildir.

Eyni zamanda kamp girişində dəvəyə minmək də turun puluna daxildir. Amma üstündə fotoqraf şəklinizi çəksə, şəkili sizə satacaq. Qiyməti 50 AED deyirdi, amma mən 30-a saldım. Satanda dedi ki, amma burda heç kimə demə o qiymətə aldığını, yoxsa onlar da o qiymətə istəyəcək.) Kampın içində həm kişi, həm qadın ərəb milli geyimləri var ki, asanlıqla geyinib istədiyiniz qədər telefon və ya kamerayla şəklinizi çəkə bilərsiniz. Bu da turun ödənişinə daxildir. Bütün bunlardan sonra sizi otelə gətirirlər. Tur 14:30-21:00 aralığını əhatə edir. Çox maraqlıdır və getməyiniz, məncə, mütləqdir.

Burj Al Arab Hoteli (Yelkən Otel)

Bu oteli tanımayan, məncə, yoxdur. Otelin içinə giriş üçün ya siz burada gecələməlisiniz (hansı ki, çox bahadır), ya da xüsusi turlara qoşulmalısınız. Yəni, darvazadan içəri giriş pulladır. Amma əgər siz şəkil çəkdirmək istəyirsənizsə, onda yolunu deyim necə edin. Dubayda çimərliklər 2 cür olur:

  1. ictimati çimərliklər (public beach)
  2. ödənişli.

Otelə ən yaxın çimərlik Jumeirah Open Beach ictimai çimərliyidir. Bura gəlmək üçün Emirates Mall-un qarşısından 81 nömrəli avtobusa minmək lazımdır. Düz yanına gəlir. Sadəcə sürücüyə əvvəldən deyin ki, sizə xəbər versin çatanda. Çimərlik boyu gəzə-gəzə otelə tərəf gələ bilərsiniz. Çimmək istəsəniz, yadda saxlayın ki, burda çimərlik kişi və qadınlar üçün ayrıdır.

Əgər lap qarşısında şəkil çəkdirmək istəyirsinizsə, onda Jumeirah oteli (elə bizim Jumeirah Bilgeh Beach otelə oxşayır eynən) keçin və otelin girişinə gedən darvazanın qarşısında şəklinizi çəkdirin. Burj Al Arabin düz yanında Wild Wadi deyilən aquapark var ki, istəsəniz gedə bilərsiniz. Geri qayıdanda Wild Wadi-nin qarşısındakı dayanacaqdan 81-lə yenə Emirates Mall-a qayıda bilərsiniz.

Dubai Marina

Bura gəlmək üçün metrodan istifadə edə bilərsiniz. Bunun üçün DAMAC Properties stansiyasında düşmək lazımdır. Daha sonra 100-200 metr piyada getsəniz, lazımi yerə çatacaqsınız. Deyim ki, belə super cəlbedici yerdir, yox. Sadəcə turistlərin çox gəldiyi yerdir və orta dərəcəli qiymətləndirərəm buranı.

Dubai Palm Jumeirah ve Atlantis The Palm Hotel

Palma adalarına gəlmək biraz uzun-uzadıdır. Məsləhətdir ki, bura Dubai Marinaya gəldiyiniz vaxtla eyni günə salasınız. Çünki əvvəlcə DAMAC Properties stansiyasına gəlmək, daha sonra keçidlə Dubay Marina tramvay dayanacağında “Al Sufouh”a gedən tramvaya minmək lazımdır. Amma tramvay birbaşa palma adalarına getmir. Siz 9 nömrəli Palm Jumeirah stansiyasında düşüb keçidlə Monorail-lə getməlisiniz.

Monorail bizdə olmayan nəqliyyatdır. Gediş-qayidiş bileti 25 AED-dir. Metro, tramvay və avtobusda keçən kart burda işləmir. Monorail-lə Atlantis otelində, yəni ən axırıncı stansiyada düşməlisiniz. Yəqin ki, çoxunuz bu oteli gürmüsünüz və oralar təmiz ayrı yerdir sanki. Getməyə dəyər.

Unutmayın!

  • Dubayda 3 sinif vaqon var: qadın üçün, kisilər üçün və gold class. Kişi və qadın klassları bir-birindən çəhrayı xətlə aralanır. Bu qayda avtobus və tramvayda da keçərlidir. Həmçinin açılacaq qapı hansı vaqona aid olması haqda stansiyada yerdə də məlumat olur. Qadın tərəfdə getsəniz, qatarda yazır ki, cəriməsi var. Amma cəriməni kim yazır bilmirəm. Çünki ortalıqda bir adam olmur onu yazmağa. Ərəblər bu qaydaya əməl etsə də, turistlərin bəziləri fikir vermir. Vaqonlar hamsı bitişikdir və maşinist yoxdur. Qatar öz-özünə hərəkət edir.
  • Transportda kartın istifadəsi bizimkindən fərqli olaraq kartı vurduqda əvvəldə pulu çıxmır. Çünki məsafəyə görə burada kartdan çıxılan pul fərqlənir. Metro, avtobus və ya tramvaya minməkçün vurursunuz kartı və çıxanda yenə vurursunuz kartı stansiyada. Uyğun olaraq özü çıxır pulu.
  • Unutmayın ki, Ərəb Əmirliklərində istirahət günü Cümədir. Burada 6-Bazar hər yer işləyir. Odur ki, harasa getməmişdən öncə Cümə günü olduğuyçün işləyə bilməyəcəyini nəzərə alın.

Digər məsləhətlər

İstanbul Fatihdə otellər

İstanbulun tarixi və mədəniyyət mərkəzi olan Fatih zəngin tarixi teksturası, bənzərsiz arxitekturası və əhəmiyyətli turistik yerləri ilə həm yerli, həm də xarici turistlərin diqqətini çəkən

Read More »

TURİZM LÜĞƏTİ

Turizm məhsulunun həyata keçirilməsi üçün müqavilələrdə, onlara əlavələrdə, turizm agentliklərinin kataloqlarında, turist saytlarında və səyahət zamanı bütün dünyada turizm biznesində sabitləşmiş və qəbul edilmiş sözlər,

Read More »